Seymur Səfərli: Ölkə üzrə akvakultura məhsulları istehsalının 7,7 min tona çatdırılması hədəflənir
Biləsuvar, 22 iyun, AZƏRTAC
Şirvan–Salyan iqtisadi rayonu, xüsusilə Neftçala və Salyan rayonları balıqçılıq və akvakulturanın inkişafı üçün xüsusi potensiala malikdir. Xəzər dənizinə, Kür çayına və digər su hövzələrinə yaxın olması regionda həm təbii balıq ehtiyatlarının qorunması, həm də süni şəraitdə balıq yetişdirilməsi üçün geniş imkanlar yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
Onun sözlərinə görə, balıq ehtiyatlarının bərpası məqsədilə balıq körpələrinin yetişdirilməsi və su hövzələrinə buraxılması davam etdirilməli, bu tədbirlərin nəticələri elmi monitorinq əsasında qiymətləndirilməlidir: “Akvakulturanın inkişaf etdirilməsi təbii balıq ehtiyatlarına düşən təzyiqi azaltmaqla yanaşı, ilboyu sabit istehsalın və məşğulluğun təmin edilməsinə imkan verir. Dövlət Proqramında ölkə üzrə akvakultura məhsulları istehsalının 3,4 min tondan 7,7 min tona çatdırılması hədəflənir. Bu məqsədə nail olmaq üçün regionda mövcud balıqçılıq təsərrüfatlarının modernləşdirilməsi, yeni akvakultura təsərrüfatlarının yaradılması və istehsala yararlı su hövzələrinin müəyyənləşdirilməsi vacibdir”.
Müxbir – İlkin Adıyev