İnformasiya cəmiyyətinin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi hazırlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır.
Strategiya üzrə tədbirlərin icrası nəticəsində cəmiyyətin hərtərəfli inkişafı üçün informasiya cəmiyyətinin yaratdığı bütün imkanlardan bəhrələnməyə əlverişli şərait yaradılacaq. İnformasiya-kommunikasiya texnologiyaları infrastrukturu inkişaf etdiriləcək, eyni zamanda, bölgələr, sosial qruplar arasında və digər növ “rəqəmli fərqlilik” azaldılacaq, rəqabətədavamlı İKT sənayesi formalaşacaq, ümumi daxili məhsulda İKT, poçt və informasiya sektorunun payı artırılacaq. Həmçinin internet azadlığı, informasiya əldə etmək kimi universal dəyərlər təmin ediləcək, vətəndaşların hüquq və azadlıqlarının reallaşdırılması üçün müasir texnologiyalar yardımçı olacaq, internet magistrallarına alternativ və yüksəksürətli birləşmələr təmin ediləcək, tranzit informasiya imkanları genişləndirilməklə Azərbaycan regionun İKT xidmətləri bazarının fəal iştirakçısına çevriləcək. Eyni zamanda, distant təhsil, elektron ticarət, telesəhiyyə və digər müasir xidmət növlərinin geniş tətbiqi, kosmik sənayenin inkişafı, İKT sektorunun inkişaf tempinə uyğun kadr hazırlığı sisteminin formalaşdırılması, informasiya təhlükəsizliyinin səmərəli qorunması və s. kimi əsas məqsədlərə nail olunacağı gözlənilir.