İnformasiya Texnologiyaları İnstitutunda avtomobillər üçün İKT yeniliklərindən danışılıb
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun iclasında İKT yeniliklərinə dair məruzə dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Orxan Mehdiyev yeni texnoloji məhsullar haqqında məlumat verib, avtomobillər üçün “ağıllı” təhlükəsizlik sistemi olan “Caruzzo” barədə danışıb. Bildirib ki, cihaz mobil qurğulara qoşularaq avtomobildə baş verən proseslər barədə onun sahibini məlumatlandırır. Bundan əlavə, avtomobilə dəyən mexaniki ziyanla bağlı məlumatlar ötürücü vasitəsilə telefona xəbərdarlıq siqnalı kimi çatır.
O.Mehdiyev “Muzo” səs qurğusunun funksiyalarından danışaraq qeyd edib ki, bu qurğu müxtəlif səsləri monoton səsə çevirir və səsboğucu funksiyasını həyata keçirir. Qurğunu telefonla idarə etmək mümkündür.
Məruzəçi “BoxLock” barkoddan informasiya oxuduqdan sonra avtomatik açılan və telefonla idarə oluna bilən “ağıllı qıfıl”dan bəhs edib. Həmçinin “ağıllı” güzgünün üstünlükləri, “ağıllı” termosların xüsusiyyətləri barədə məlumat verib.
İclasda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.