İnsan alverinə cəlb etməyi planlaşdırılan azyaşlıların Azərbaycandan Türkiyəyə aparılmasının qarşısı alınıb
Bakı, 15 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsi və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir. Cari il avqustun 14-də Azərbaycan Respublikası vətəndaşının üç azyaşlını istismar məqsədilə aldadaraq Gəncədən Türkiyə Respublikasına aparmasının qarşısı DSX əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində alınıb və həmin şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 15-də keçirilən mətbuat konfransında DSX-nin istintaq və təhqiqat idarəsinin rəisi, ədliyyə polkovniki Azər İbrahimov deyib.
A.İbrahimov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük avtomaşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri - 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla əldə etdiyi razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib.
Vətəndaş Z.Hacıyev azyaşlıları gələcəkdə istismar məqsədilə aldadaraq Türkiyə Respublikasına aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onlara qabaqcadan istifadəsində olan mobil telefon nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib.
DSX-nin hərbi qulluqçularının ayıq-sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.