İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri mükafatlandırılıb
Bakı, 27 may, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə 2019-cu ilin regional çempionatı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, çempionat 11 regionda, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Şəmkir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay rayonlarında təşkil olunub. Bakıda keçirilən çempionatda 57 ümumtəhsil məktəbi, ümumilikdə 61 komanda mübarizə aparıb.
Yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri Sumqayıt şəhəri 31 nömrəli, Gəncə şəhəri 18 nömrəli tam orta məktəb, eləcə də Mingəçevir, İsmayıllı, Lənkəran, İmişli, Balakən, Şirvan, Qazax və Quba rayonlarının komandaları olub.
Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri üzə çıxarmaq, intellektual fəaliyyətə daha çox məktəbli cəlb etmək, onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
Çempionatın təşkilində Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin kubok və medalları ilə təltif olunub.