İordaniya mətbuatı 20 Yanvar faciəsindən yazır
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu “Əl-Diyar” qəzetində, “Əl-Uruba” xəbər agentliyinin saytında “Azərbaycan səfirliyi: Azərbaycan xalqı Qara Yanvar faciəsini heç vaxt unutmayacaq” və “Keçmiş sovet rejiminin Azərbaycana qarşı təcavüzünün 27-ci ildönümü ilə əlaqədar Azərbaycan səfirliyinin bəyanatı” başlıqlı yazılar dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, yazılarda Azərbaycan xalqına qarşı törədilmiş həmin cinayət qətiyyətlə pislənilib. Bildirilir ki, 20 Yanvar faciəsi keçmiş sovet rəhbərliyinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunu Bakı şəhərinə daxil olaraq günahsız insanlara hücum edib, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu qanlı hadisələr zamanı yüzlərlə dinc sakin yaralanıb, yüzlərlə insan həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb.
Yazılarda qeyd olunur ki, bu qanlı müdaxilədə məqsəd Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Qanlı Yanvardan 27 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla anır.