İordaniyalı politoloq: Fələstin xalqı Prezident İlham Əliyevə minnətdardır
Qahirə, 23 noyabr, AZƏRTAC
Fələstin xalqı ona göstərilən dəstəyə, humanitar yardımlara və Ramallahda Təmsilçilik Ofisinin açılması qərarına görə Prezidenti İlham Əliyevə minnətdardır. Ərəb ölkələrində böyük nüfuza malik olan Azərbaycanın göstərdiyi həmrəylik Yaxın Şərq ölkələrində rəğbətlə qarşılanır.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində iordaniyalı politoloq və siyasi məsələlər üzrə tədqiqatçı Alaa Saqi söyləyib. O deyib: “Azərbaycan Prezidenti bu il avqustun 9-da Türkiyənin Konya şəhərində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edərkən fələstinlilərlə həmrəy olduğunu bildirmişdi. Son bir əsrdə İslam dünyasında ərazilərini öz gücü ilə işğaldan azad etmiş Azərbaycanın lideri Yaxın Şərq regionunda da sülhün bərqərar olmasına töhfə verir. Bu, rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyi dövründə özünü daha aydın göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti məzlum və humanitar fəlakətlərlə üzləşmiş xalqların yanındadır, onlara yardımlar edir. Biz COVID-19 pandemiyası dövründə bunun şahidi olduq”.
Politoloq daha sonra qeyd edib: “İndi Yaxın Şərqdə yeni geosiyasi şərait yaranıb. İsrail və ərəb ölkələri arasında fəal əməkdaşlıq mövcuddur, həmçinin uzun illər blokadada qalmış Qətər Dövlətinin digər ərəb dövlətləri ilə münasibətləri normallaşıb. Bundan başqa, Türkiyənin bu regionda diplomatik həmlələri davam edir. Azərbaycanın ən yaxın müttəfiqi və qardaş ölkə olan Türkiyə Fələstin xalqının ən böyük tərəfdaşıdır, eyni zamanda, yeni regional reallıqlar fonunda İsrail Dövləti ilə də münasibətlərini yaxşılaşdırır. Düşünürəm ki, bu gün dünyada baş verən kataklizmlər bütün ölkələri, o cümlədən Yaxın Şərq dövlətlərini daha praqmatik və sülhsevər siyasət yürütməyə sövq edir. Hazırkı şəraitdə sabitliyin və təhlükəsizliyin bərqərar olması məhz bundan asılıdır. Bu kontekstdə Azərbaycanın gələn ilin martında Qoşulmama Hərəkatının Bakıda keçiriləcək mötəbər tədbirinə də böyük ümidlər bəsləyirik”.
Alaa Saqi sonda vurğulayıb: “İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan, eyni zamanda, uğurlu diplomatiyası ilə də fərqlənir. Rəsmi Bakının Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq istiqamətində səyləri təqdirəlayiqdir. Zənn edirəm ki, Azərbaycanın Ramallahda Təmsilçiliyik Ofisinin və İsraildə səfirliyinin açılması Fələstin və İsrail arasında problemin həllinə də töhfə ola bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə