İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində Xocalı faciəsindən bəhs edən məqalə çap olunmuşdur
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də İordaniyanın gündəlik ərəbdilli “Əl-Diyar” qəzetində jurnalist Yelena Nedoqinanın Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Holokostu” adlı məqaləsi çap olunmuşdur.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edilmiş, torpaqlarımızın işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər qətiyyətlə pislənmişdir.
Xocalı soyqırımı barədə məlumat verən müəllif oxucuların diqqətini 1990-cı illərin əvvəllərinə çəkməyə çalışır. Bildirilir ki, Sovet İttifaqının süqutundan sonra yaranmış ağır vəziyyətdən istifadə edən Ermənistan hakimiyyəti xarici havadarlarının maddi və mənəvi dəstəyi ilə Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirmişdir. Məqalədə məqsədlərinə nail olmaq üçün hətta dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədən Ermənistanın bu vəhşilikləri bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilir.
Müəllif, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İndoneziyada keçirilmiş VII toplantısında Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanıdan qətnamə haqqında da məlumat verir.
Məqalədə BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün dərhal dayandırılması və işğal olunmuş Azərbaycan torpaqlarından işğalçı qoşunların çıxarılmasını tələb edən 4 qətnaməsinin hələ də icra olunmaması beynəlxalq ədalətsizliyin təcəssümü kimi ifadə olunur.