“İQTİSADİ ARTIM-2004”
Natiq onu da bildirdi ki, inkişaf etmiş dövlətlər arasında bütün sahələrdə fərq təkcə iqtisadi yox, digər istiqamətlərdə də, yəni texnologiyaların tətbiqində, elmin inkişafında müşahidə olunur və bu narahatlıq doğurur. Qloballaşma mühitində belə fərqin artması bəzən ölkələr arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Proqnozlara görə belə fərqlər və münaqişələr XXI əsrdə daha çox ola bilər.
Azərbaycan təkcə iqtisadi inkişafına görə yox, mədəniyyətinə, təbii sərvərtlərlə zənginliyinə, humanitar dəyərlərinə, beynəlxalq normalara hörmətinə görə inkişaf edən ölkələrdən biridir. Mövcud problemlərin yaratdığı narahatlıq Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini də düşündürür. Bu problemlərin həllində, beynəlxalq münasibətlərin normal qurulmasında gələcək nəsil, beynəlxalq tələbə forumları mühüm rol oynaya bilər.
Təhsil naziri Misir Mərdanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri Şahlar Əsgərov ABŞ-ın Cənubi Kaliforniya Universitetinin tələbəsi, Metyu Morqan konfrans iştirakçılarını salamladılar.
Sonra akademik Ziyad Səmədzadə konfransda “Dünya iqtisadiyyatının müasir problemləri: Azərbaycandan baxış” mövzusunda məruzə etdi.
O dedi ki, Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edir. Bəs, bu iqtisadiyyatın taleyi necə olacaqdır? Dünya iqtisadiyyatında dünən, bu gün hansı meyllər baş vermişdir və verəcəkdir? Natiq son yüz ildə dünya iqtisadiyyatında baş vermiş proseslərə nəzər saldı, meyllərə toxundu. Ümumdaxili məhsulun artımından söz açdı, müqayisələr gətirdi. Ayrı-ayrı ölkələrdə müşahidə olunan qeyri-bərabər artımın bir sıra kəskin, narahatlıq doğuran problemlər yaratdığını vurğuladı. O, həmçinin bildirdi ki, XX əsrdə dünya iqtisadiyyatına təsir edən böyük amillərdən biri SSRİ-nin dağılması olmuşdur. Z.Səmədzadə tələbələrə tövsiyə etdi ki, MDB məkanında inkişaf etməkdə olan ölkələrdə gedən proseslərə nəzər salsınlar.
Akademik Z.Səmədzadə dünya ölkələri arasında əmək məhsulldarlığına, əhalinin yaşayış səviyyəsinə görə çox ciddi fərq olduğunu söylədi, bunun səbəblərini açıqladı. Onları aradan qaldırmaq üçün beynəlxalq maliyyə qurumlarının, BMT-nin yollar axtardığını söylədi.
Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.
Xarici ölkələrin Bakıdakı səfirləri və beynəlxalq təşkilatların respublikamızdakı təmsilçiləri konfransda iştirak etmişlər.
X X X
Beynəlxalq tələbə konfransının iştirakçıları elə həmin gün Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər.