İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ ABŞ-AZƏRBAYCAN İŞÇİ QRUPU VAŞİNQTONDA NÖVBƏTİ MÜZAKİRƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbəb verir ki, Əvəz Ələkbərov amerikalı tərəfdaşlarına ölkəmizdə iqtisadi və sosial sahənin inkişafına dair Prezident İlham Əliyev tərəfindən son aylar imzalanmış üç mühüm Fərman barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, büdcə qanunu və regionların inkişafına aid olan bu sənədlər əsasında bir çox konkret istiqamətlər üzrə tədbirlər həyata keçirilir, biznes və sərmayə qoyuluşu mühiti yaxşılaşdırılır. Azərbaycanın iqtisadi göstəricilərini xatırladan maliyyə naziri 2003-cü ildə ümumi daxili məhsulun 11,2 faiz artdığını, inflyasiyanın isə 2 faiz olduğunu bildirmişdir.
İşçi qrupunun amerikalı həmsədri Karlos Paskual da Azərbaycanda aparılan islahatlar nəticəsində ölkədə sürətli inkişaf üçün yaxşı imkanlar yarandığını, bu baxımdan Prezident İlham Əliyevin son Fərmanlarının əhəmiyyətini vurğulamışdır.
Müzakirələr zamanı Azərbaycanda enerji, maliyyə və bank sektorunda islahatlar, bölgələrdə iş yerlərinin açılması və yeni infrastrukturların yaradılması, kiçik və orta müəssisələrin inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılmış, həmsədrlər gündəlikdəki məsələlərə dair konkret təkliflər vermişlər.
İclasın işinə dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Elizabet Cons da qoşulmuşdur. Xanım Cons ABŞ rəhbərliyinin Azərbaycanla əməkdaşlıqdan razılığını vurğulamışdır. O, Prezident İlham Əliyevi yeni və dinamik lider kimi səciyyələndirmiş və demişdir ki, Azərbaycanda iqtisadi sektorun müxtəlifliyinə nail olunsa, ölkə bölgədə aparıcı dövlətə çevriləcəkdir.
Müzakirələr başa çatdıqdan sonra Dövlət Departamentində Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir. Ziyafətdə iştirak edən dövlət katibinin birinci müavini Riçard Armitac müzakirələrin yekunlarını müsbət qiymətləndirmiş, Azərbaycanın bölgədə ABŞ-ın mühüm strateji tərəfdaşı olduğunu bildirmişdir.
İqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan işçi qrupunun növbəti iclası bu ilin mayında Bakıda keçiriləcəkdir.
Maliyyə naziri Əvəz Ələkbərov Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə də görüşmüşdür. Danışıqlarda Azərbaycanın bu maliyyə təsisatları ilə həyata keçirdiyi layihələr və əməkdaşlığın perspektivləri barədə söhbət getmişdir.