İqtisadi İnkişaf Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində (İİN) şəhidlərin xatirəsini anma mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İİN aparatının rəhbəri Samir Vəliyev keçmiş sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır. Qeyd edilmişdir ki, daim xalqının yanında olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, ağır günlərdə Azərbaycanın haqq səsini ilk dəfə Rusiya paytaxtından ucaltmış, həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmişdir. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsini mahiyyət etibarilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Yalnız ulu öndərin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərimizin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə mühüm qərarlar qəbul edir.
Tədbirdə “20 Yanvar” Cəmiyyəti Nəsimi rayon təşkilatının sədri Tofiq Allahverdiyev “20 Yanvar günü - Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoludur” mövzusunda məruzə ilə çıxış etmiş, xalqımızın Azərbaycanın müstəqilliyi uğrunda keçdiyi mübarizə yolu barədə geniş məlumat vermişdir.
Sonda Samir Vəliyev 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixində qanla yazılmış bir səhifə olduğunu, ancaq bu tarixin təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bir daha vurğulamışdır. Bildirilmişdir ki, bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi üçün canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi, həmişə olduğu kimi, bundan sonra da daim yad ediləcəkdir.