İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Heydər Babayev Azərbaycanın İslam İnkişaf Bankı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, bankın maliyyə dəstəyi ilə ölkəmizdə avtomobil yollarının bərpasına, elektrik enerjisi və su təchizatının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair layihələrin uğurla həyata keçirildiyini vurğulamışdır. İndiyədək bank bu layihələrə 140 milyon ABŞ dollarına yaxın vəsait ayırmış, eyni zamanda, İİB-ə daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası vasitəsilə Azərbaycanın kommersiya banklarına kredit xətləri açılmışdır. Gələcəkdə özəl sektorda həyata keçiriləcək layihələrdə Korporasiyanın birbaşa iştirakı gözlənilir.
H.Babayev Azərbaycanın bundan sonra da İİB-lə əməkdaşlığın inkişafını dəstəkləyəcəyini, ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində onun fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə İslam İnkişaf Bankı ilə əldə olunmuş razılığa əsasən, bu il noyabrın 7-9-da Bakıda keçirilməsi nəzərdə tutulan investisiya konfransı barədə geniş müzakirələr aparılmışdır. Həmin konfransda bankın üzvü olan ölkələrin 200-dək iş adamının iştirakı gözlənilir. Konfransın keçirilməsi üçün İİB-in texniki yardım (qrant) ayırması barədə razılıq əldə edilmişdir.
Doktor Əhməd Məhəmməd Əli Azərbaycanla əlaqələrin inkişafından razılığını bildirmiş, Bakıda keçiriləcək investisiya konfransının İİB-lə, eləcə də bankın üzvü olan ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.