İran-Azərbaycan dövlət sərhədini pozarkən saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə götürülüb
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 2-də Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunda yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozmasi müşahidə olunub. Sərhəd zastavası “Həyəcan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib. Nəticədə sərhəd pozucularından biri - Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonunun Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü İsmayılov Adil Totuxan oğlu saxlanılıb. Onun üzərində 3 kiloqram 265 qram heroinə, 3 kiloqram 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə aşkarlanıb.
Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib. Biləsuvar Rayon Polis Şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əsgərabad kənd sakini 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kiloqram 225 qram tiryəkə, 2 kiloqram 310 qram metamfetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə yaxalanıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.