İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR VƏ BU SİYASƏT DƏYİŞMƏYƏCƏKDİR
Azərbaycan həmişə İranla münasibətlərin genişlənməsində maraqlı olmuşdur və bu siyasət bu gün də uğurla davam etdirilir. Parlamentlərarası əlaqələri də yüksək qiymətləndirən Murtuz Ələsgərov qeyd etmişdir ki, Milli Məclisdə İran parlamenti ilə əməkdaşlığa dair işçi qrupu fəaliyyət göstərir. Bu qrupun və parlament rəhbərlərinin keçirdikləri görüşlər zamanı əldə olunmuş razılaşmalara əsasən deputatlarımız beynəlxalq təşkilatlarda bir sıra məsələlərin müzakirəsi zamanı eyni mövqedən çıxış edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qonağa ətraflı məlumat verən parlamentin rəhbəri demişdir ki, Azərbaycan problemin sülh yolu ilə dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. İranın bu məsələdə də Azərbaycanın mövqeyini dəstəkləməsi tərəfimizdən yüksək qiymətləndirilir və ümid edirik ki, bu siyasət dəyişməyəcəkdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Məhəmmədismayıl Şüştəri demişdir ki, onun ölkəsi də Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu günə qədər ölkələrimiz arasında hüquq mühafizə sahəsində əməkdaşlığa dair imzalanmış üç sazişin parlamentlərdə təsdiq olunması işimizi xeyli asanlaşdırmışdır. Vətəndaşlarımızın təhlükəsizliyini, sərmayə qoyuluşunun asanlaşdırılmasını təmin edəcək hüquqi bazanın yaradılması xüsusi əhəmiyyətə malikdir. İnanırıq ki, parlamentlərimiz bu işdə sözlərini deyəcəklər. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir demişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, erməni təcavüzünü qətiyyətlə pisləyir və problemin tezliklə sülh yolu ilə həllinə tərəfdardır. İranın bu siyasəti dəyişməyəcəkdir.