İran sərhədçiləri 1 tondan çox narkotik vasitə ələ keçiriblər
Tehran, 25 aprel, AZƏRTAC
İran sərhədçiləri ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitənin keçirilməsinin qarşısını alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Sərhəd Xidmətinin komandanı, general Qasım Rezayi məlumat verib. O bildirib ki, Əfqanıstandan İrana külli miqdarda narkotik vasitə keçirməyə çalışan silahlı qruplaşma sərhədçilərin müqaviməti ilə qarşılaşıb. Onların avtomobilinə baxış zamanı 1 ton 125 kiloqram narkotik maddə aşkar edilib. Qaçaqmalçılar silahlı müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd ediblər. Lakin sərhədçilər onları təqib edərək həbs ediblər. Araşdırma aparılır.
Qeyd edək ki, İran sərhədçiləri Əfqanıstanla sərhəddə tonlarla narkotik vasitə müsadirə edirlər. Bəzi hallarda qaçaqmalçılarla sərhədçilər arasında silahlı toqquşma baş verir. Bu günə kimi 4 min İran sərhədçisi qaçaqmalçılarla mübarizədə şəhid olub, 12 min sərhədçi yaralanıb.
İran narkotik vasitələrin Əfqanıstandan ölkə ərazisinə qanunsuz yollarla keçirilməsinin qarşısını ciddi-cəhdlə almağa çalışır. Lakin buna baxmayaraq, qaçaqmalçılığın kökünü kəsmək mümkün olmur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran