İRANDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bildirilmişdir ki, hələ ötən əsrin əvvəllərində ermənilərin soyqırım siyasətinin qurbanına çevrilmiş Azərbaycan xalqı 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda, Zəngəzurda və başqa əyalətlərdə ermənilər tərəfindən törədilmiş qırğınların, qanlı faciələrin qurbanı olmuş, əsrin sonunda - dünyada beynəlxalq hüququn və qanunların mövcud olduğu bir dövrdə yenidən bu faciəni yaşamışdır.
1988-ci ildən başlayaraq xarici havadarlarının diktəsi və dəstəyi ilə Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdiyi qanlı hadisələrdən danışan səfir, bir gecənin içində 613 nəfərin məhv edilməsi, 1275 nəfərin girov götürülməsi və 150 nəfərin itkin düşməsi ilə nəticələnən bu soyqırımı XX əsrin ən dəhşətli faciəsi adlandırmışdır. O, ötən əsrin sonunda sivil dünyanın insan hüquqlarının aliliyini qoruduğu bir vaxtda erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımına beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən hələ də heç bir reaksiya verilməməsindən danışmış, bunun adi bir terror aktı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş misli görünməmiş cinayət olduğunu bildirmişdir.
Fevralın 26-da səfirliyin binasında Xocalı faciəsinin 12-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. İran ictimaiyyətinin nümayəndələri xarici ölkələrin, Tehranda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin əməkdaşları xatirə kitabına başsağlığı sözləri yazmışlar.
Tədbirdə Xocalı soyqırımını əks etdirən videolentlər və fotoşəkillər göstərilmiş, iştirakçılara Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı bülleten paylanılmışdır. Bülletenlər İranın mətbuat orqanlarına da göndərilmişdir.