İRANDAN MƏCBURİ KÖÇKÜNLƏRƏ HUMANİTAR YARDIM GÖNDƏRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, humanitar avtokarvanın gətirdiyi 100 ton düyü, 67 ton yağ, 20 ton şəkər, 42 ton makaron, 12 ton çay və digər ərzaq məhsulları, gənc ailələrdən ötrü məişət əşyaları, on min tələbə və şagird üçün yazı ləvazimatından ibarət yük Bakının Azadlıq meydanında komitənin Azərbaycandakı nümayəndəliyinə təhvil verilmişdir.
İran İslam Respublikasının ölkəmizdəki səfirinin müavini Məhəmməd Rza Raşid və İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycan nümayəndəliyinin baş müdiri Bəhram Kazemzade burada kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara cavab vermişlər.
Qeyd olunmuşdur ki, Azərbaycanda 11 ildən bəri fəaliyyət göstərən humanitar təşkilat respublikamızın 19 rayonunda müvəqqəti məskunlaşmış 40 min imkansız ailəyə himayədarlıq edir, onlara müntəzəm yardımlar göstərir.
Qonşu ölkənin nümayəndələri ötən ilin sonlarında İranda baş vermiş zəlzələ zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səfirliyə gələrək İran xalqına başsağlığı verdiyini və dövlətimizin təbii fəlakətdən zərər çəkmiş əhaliyə əsl qardaşlıq köməyi göstərdiyini minnətdarlıq hissi ilə yada salmış, belə münasibətlərin ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirmişlər.