MƏDƏNİYYƏT
İranlı aktyor Musiqili Teatrın “999-cu gecə”sində
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq.
Sənət ocağının mətbuat katibi Samir Sədaqətoğlu AZƏRTAC-a bildirib ki, bu dəfə səhnə əsərində Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejad iştirak edəcək. Belə ki, C.Saqinejad tamaşada Şah obrazını canlandıracaq. Buna qədər iranlı aktyor Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı “Bəxtəvər” komediyasında çıxış edib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayevadır. Konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədova olan tamaşada rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.