İranlı narkotacirin şəbəkəsinə daxil olan dörd nəfərdə 7 kiloqram heroin aşkarlanıb VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Nərimanov rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha dörd nəfər saxlanılıb. Onlarda 7 kiloqram heroin aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər. Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib.
İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdə isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Bu şəxslər barəsində idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.