İranlı qonaqlar Naxçıvanın sənaye və səhiyyə müəssisələri ilə tanış olublar
Naxçıvan, 5 mart, AZƏRTAC
İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək, Ümummilli Liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Biznes Mərkəzinə gələn nümayəndə heyəti burada sərgilənən istehsal məhsulları ilə yaxından tanış olub. Məlumat verilib ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qonaqlar Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrində də olublar. “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı nümayəndə heyətinə bildirilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir.
“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verilib ki, 14 min kvadratmetr sahəsi olan istehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
Nümayəndə heyəti “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat öyrənib. Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir. Burada müasir texnoloji avadanlıqlar quraşdırılıb.
“Gəmiqaya Mebel Fabriki” MMC ilə tanış olan qonaqlara bildirilib ki, müəssisədə müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyə respublikalarından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Bu ünvanda müştərilər müxtəlif ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, binalar üçün müxtəlif avadanlıqları seçə, dizayn-dekorasiya xidmətlərindən yararlana bilərlər.
“Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı nümayəndə heyətinə məlumat verilib ki, hazırda fabrikdə “Visore”, “Fine”, “Want” və “Keno”markalarında 14 çeşiddə filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar Braziliya, Bolqarıstan, Türkiyə, Yunanıstan, Avstriya və digər ölkələrdən alınır. Almaniyanın “Hauni”, “Focke” və Bolqarıstanın “Aiger” firmalarının avadanlıqları ilə təchiz olunmuş müəssisənin istehsal gücü dəqiqədə 1500 filtrli siqaretdir. Dünyanın aparıcı şirkətlərinin texnologiyası əsasında quraşdırılmış siqaret paketləyən istehsal xətti dəqiqədə 750 qutu filtrli siqaret qablaşdırmağa imkan verir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndə heyətinə məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Bununla da İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.