“İrəli” İB 20 Yanvar faciəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir
Bakı, 19 yanvar (AZƏRTAC). “İrəli” İctimai Birliyi (İB) 20 Yanvar faciəsinin 22-ci il dönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, İB 20 Yanvar faciəsinin 22-ci ildönümü ərəfəsində “İrəli” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış www.20yanvar.com internet səhifəsinə faciə ilə əlaqədar yenilənmiş məlumatlar əlavə etmişdir. Üç dildə fəaliyyət göstərən elektron resursda faciəni əks etdirən mətn, foto, videomateriallar yer almışdır.
“İrəli” İB faciə ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” adlı elektron aksiya həyata keçirir. Aksiyanın əsas məqsədi milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi, yaralanması, dövlətimizə qarşı həyata keçirilən cinayətləri bütün tanınmış informasiya agentliklərinə göndərərək dünya ictimaiyyətinə çatdırmaqdır.
Aksiya çərçivəsində Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktı haqqında məlumatları əks etdirən və müxtəlif dillərə tərcümə olunmuş materiallar, foto və videoçarxlar sosial şəbəkələrdə (facebook qruplarda, fan səhifələrdə, Twitter və s. ) e-mail vasitəsilə yayılacaqdır.