İş və qeyri-iş günlərində metropolitendə qatarların hərəkət rejimi açıqlanıb
Bakı, 23 iyun, AZƏRTAC
İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən “Bakı Metropoliteni”ndə qatarların hərəkəti qeyd edilən tarixlərdə adi iş günü qrafiki ilə tənzimlənəcək. Bununla əlaqədar “28 May-Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni”ndən bildirilib.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərin diqqətinə çatdırılıb ki, qeyd edilənləri nəzərə alaraq, iyunun 24-də və 25-də iş günləri qrafiki qüvvədə olacaq. Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyunun 26-dan iyulun 3-dək ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə “Bakı Metropoliteni”ndə qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May-Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.
Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə “Bakı Metropoliteni”nin rəsmi saytında müvafiq bölmədə (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.
Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. İş və istirahət günlərində Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq.