İQTİSADİYYAT
İşğaldan azad olunmuş bəzi rayonların elektrik verilişi xətlərindəki müəyyən problemlər aradan qaldırılır
![İşğaldan azad olunmuş bəzi rayonların elektrik verilişi xətlərindəki müəyyən problemlər aradan qaldırılır](/files/2023/1/1200x630/1673361565400560655_1200x630.jpg)
Bakı, 10 yanvar, AZƏRTAC
Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə edilən qar yağması və buzlaşma ilə əlaqədar ölkənin əsasən dağlıq istiqamətlərində, o cümlədən işğaldan azad olunmuş bəzi rayonların elektrik verilişi xətlərindəki müəyyən problemlər ortaya çıxıb.
“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonları ilə yanaşı, “Kəlbəcər” xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, Qubadlı-Laçın xəttinin Güləbird və Şuşa xəttinin Böyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb. Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün “AzərEnerji” ASC bütün imkanlarını səfərbər edib.
Qeyd olunmalıdır ki, kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq problemin həlli istiqamətində ciddi addımlar atılıb və atılır.