CƏMİYYƏT
İşim çayının sahilində Kürlə bağlı xatirələr
Astana, 2 avqust, AZƏRTAC
Astananı iki yerə - sağ və sol sahillərə bölən əzəmətli İşim çayının sahilində axşam gəzintisinə çıxıram. Bu cür gəzintilər həmişə Gəncə şəhərində keçirdiyim uşaqlıq illərimlə bağlı xatirələri oyadır; orada da çay axır, amma demək olar ki, susuzdur. Şəhərin yaxınlığında - Kiçik Qafqaz dağlarında da çaylar axır. Uşaq vaxtı tez-tez onların soyuq sularında üzürdük. Kiçik olmasına baxmayaraq, gur axını vardı.
Gəncədən bir qədər aralıda Kür çayı axır. Bir gün balıq ovuna getməyə qərar verdik, amma heç nə tuta bilmədik, üstəlik, balıq tilovumuzu da apardı. Adətən Kürə heyranlıqla tamaşa etməyə, kabab yeməyə gedirdik. Yolboyu çayın sahilində bitən çoxlu meşə narı ağaclarını görmək olardı. Kürdə üzmək təhlükəli idi, amma risk edən həvəskarlar da tapılırdı. Halbuki, hər il çayda boğulma halları barədə xəbərləri eşidirdik.
Bu xatirələr yaddaşıma həmişəlik həkk olunub. Ancaq günümüzə qayıdaq.
İşimin sahilləri ilə gəzərkən, istər-istəməz dünyanın müxtəlif ölkələrində gördüyüm digər çayları xatırlayıram. Bununla belə, İşim öz sakitliyi ilə insanı heyran edir; hərəkətsiz görünür, daha çox nəhəng gölə bənzəyir. İnsanlar onun sahilində sanki dəniz bulvarı ilə gəzişirlər.
Sahilin bir tərəfində çoxlu insanlar, restoran və kafelər var, digər tərəfdə isə seyrəklik və sakitlikdir. Mən səssizliyə üstünlük verirəm. Çayın sakit sahili ilə gəzdiyində, o biri tərəfdə insanların səs-küyünə qarışan axşam musiqisini eşidə bilərsiniz.
Göyərtəsində rəngarəng fənərlər olan səyahət gəmisi çay boyunca keçərkən, oradan musiqi və sərnişinlərin səslərini də eşidirsən.
Sahildə sakitcə oturub tilovuna balıq düşməsini gözləyən balıqçılara rast gəlmək olar. Hər dəfə onların yanından keçəndə soruşmaq istəyirsən ki, balıq tuta biliblərmi? Bəlkə də, mənim ilk və son uğursuz cəhdlərimdən fərqli olaraq, onlar daha şanslıdır.
Çay şəhərə xüsusi gözəllik verir. Dünyanın bir çox məşhur şəhərləri - İstanbul, Sankt-Peterburq, Moskva, London, Nyu-York, o cümlədən bizim Bakı da çayların, dənizlərin və ya körfəzlərin sahillərində salınıb. Suya bu qədər yaxın olmaq şəhərlərə özünəməxsus gözəllik verir.
Astana da istisna deyil, onun ecazkarlığı təkcə İşimin özü ilə deyil, həm də çayın iki sahilini birləşdirən çoxsaylı körpülərlə diqqəti cəlb edir.
Burada bir nəhəng ağ körpü də var və axşam gəzintisi zamanı finiş xətti kimi ona çatmalıyam. Bu konstruksiyanın altında gəzərkən, həmişə onun miqyasına heyran oluram. Adama elə gəlir ki, bu yer məşhur Amerika aktyorlarının iştirakı ilə təqib səhnələri olan Hollivud filminin çəkilişi üçün yaradılıb.
İşim çayının sahili mənim üçün xüsusi bir məkana çevrilib. Bir gün təsadüfən burada çox gözəl bir yer kəşf etdim. Hətta mənə elə gəlir ki, az adam onun varlığından xəbərdardır, çünki orada ümumiyyətlə insan olmur. Axşamlar fənərlərin işıqları suda əks olunanda, burada özünəməxsus ab-hava yaranır.
Bu yerin füsunkarlığı diqqətimi cəlb edir və mən axşam gəzintiləri zamanı hər dəfə buraya qayıtmağa çalışıram.
Sahildə axşam gəzintisi zamanı hər dəfə xəyalımda İşim, Kür, Gəncəçay və kiçik Qafqazın soyuq suları, uşaqlıq xatirələrimdə qalan sürətlə axan həmin o çay canlanır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana