İslahatların aparılmasında və idarəçilikdə yeni yanaşma metodu
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşü islahatların aparılmasında, idarəçilikdə məsələlərə yeni yanaşma metodu kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, indiyə qədər ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə belə geniş formatda görüşlər olmayıb. İndiyə qədər görüşlər ya fərdi qaydada, ya da müxtəlif tədbir və mərasimlərdə olub. Ancaq Prezident İlham Əliyev belə hesab etdi ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur və həyatın müxtəlif sahələrində ciddi islahatlar gedir. Həm də islahatların yeni mərhələsi keçən il prezident seçkilərindən sonra xüsusi vüsət alıb, hazırda isə genişmiqyaslı islahatlara start verilib. Ona görə də aparılacaq islahatların yeni yanaşma ilə olacağına və problemləri həll edəcəyinə əmin olan dövlətimizin başçısı mədəniyyət və incəsənət xadimləri ilə geniş formatda görüşməyin bir zərurət olduğunu vacib hesab etdi. Görüşdə Prezident İlham Əliyev iqtisadi sahədəki islahatların gözəl nəticələr verdiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar sosial sahədə ciddi addımlar atılmasına, sosial layihələrin icra edilməsinə imkan yaradır. Prezident müxtəlif sahələrdə aparılan islahatları diqqətə çatdırmaqla dövlətin vətəndaşının yanında olduğunu, həmişə vətəndaşların sosial müdafiəsini təmin etdiyini bildirdi. Bu görüş dövlətimizin başçısının məqsədinin xalqa xidmət etməkdən ibarət olduğunu göstərən növbəti bariz nümunədir. Təsadüfi deyil ki, minimum əməkhaqqının, minimum pensiyanın 40 faiz artırılması, sosial müavinətlərin orta hesabla 100 faiz artırılması, şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi, tələbələrin təqaüdlərinin artırılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial təşəbbüsdür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov deyib.
O bildirib ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdə səhiyyə sahəsində gedən islahatlardan, müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin tikildiyindən bəhs olundu. Bununla belə, məhkəmə-hüquq sahəsində çox ciddi islahatlara ehtiyac olduğu da nəzərdən qaçırılmadı. Bundan başqa, Bakı şəhərinin nəqliyyatı, təsərrüfatı ilə bağlı islahatların aparıldığı xüsusi olaraq qeyd edildi. Bütün bu məsələlərdən bəhs edildikdən sonra mədəniyyət sahəsinə, mədəniyyət məsələlərinə önəm verildi. Ölkəmizin rəhbəri mədəniyyət və incəsənətlə bağlı görülmüş bütün işləri bir-bir qeyd etdi. Bununla da Prezident mədəniyyət və incəsənət xadimlərinin yanında olduğunu, bu sahəni həmişə diqqət mərkəzində saxladığını nəzərə çatdırdı. Bütün bunlar islahatların aparılması və idarəçilik baxımından məsələlərə yeni yanaşmadır. Bu cür yanaşma və bu cür geniş formatda müzakirə indiyə qədər olmayıbdır. Deməli, Prezident islahatların aparılmasında və idarəçilikdə yeni yanaşma metodu ilə birbaşa xalqın içərisində olan mədəniyyət, incəsənət xadimləri ilə əlaqəyə, ünsiyyətə girir. Bu isə məmurların məsuliyyətini daha da artıracaq, onlar xalqa xidmət prinsipini hər şeydən üstün tutacaqlar. Əks təqdirdə, xalqa xidmət prinsipinə əməl etməyənlər zamanla ayaqlaşmayacaq, dövlət başçısının tələblərinə cavab vermədiklərinə görə idarəçilik sistemindən uzaqlaşdırılacaqlar. Prezident İlham Əliyevin şəxsən özünün xalqla, onun mədəniyyət və incəsənət xadimləri ilə əlaqəsi hər bir məmuru düşünməyə, əl-qollarını çırmalayıb xalqa xidmət etmələrinə bir çağırışdır. Əslində, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin fikirlərini dinləməklə, mövqelərinə hörmətlə yanaşmaqla müxtəlif sahələrdə çalışan səlahiyyət sahiblərini, məmurları xidmət və hesabat verməyə, özü də xalqa xidmət etməyə və xalqa hesabat verməyə çağırdı. Prezidentin apardığı islahatlar həm də işgüzar, xidmətcil, qayğıkeş, məsuliyyətli, peşəkar məmurlar dəstəsini formalaşdırır. Odur ki, ölkənin hər bir vətəndaşı, o cümlədən mədəniyyət, incəsənət xadimləri, ziyalılar, bir sözlə, hər kəs ölkə başçısının yanında olmalıdır. Prezident İlham Əliyevlə xalqın birliyi həmişə olub, bu gün də var, sabah da olacaq. Ancaq bu birlik indi əvvəlkindən qat-qat artıq lazımdır. Ona görə ki, bu gün islahatlar tamam yeni bir mərhələyə qədəm qoyur. Ölkəmizin hər bir vətəndaşı uğur və nailiyyət əldə etmək üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir. İnanırıq ki, dövlətimizin başçısı ölkəmizin görkəmli alimləri, ziyalıları, tanınmış ictimai-siyasi xadimləri ilə də görüşəcək və bu iş müntəzəm xarakter alacaq. Nəticədə cəmiyyətimiz saflaşacaq, hər kəs xidmətinə görə öz yerini tutacaq. Əslində, Prezidentimizin də istəyi budur.
Professor vurğulayıb ki, dövlətimizin başçısı mədəniyyət və incəsənət xadimləri vasitəsilə cəmiyyətə bir mesaj göndərdi. Həmin mesaja görə, mədəniyyətimizin və incəsənətimizin əldə etdiyi bütün dəyərlər qorunmalıdır. Məsələn, Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın əsaslı təmir olunması, Tarix Muzeyinin, Nizami adına Muzeyin təmir edilməsi, Xalça Muzeyinin tikilməsi, Müasir İncəsənət Muzeyinin və bölgələrdə, şəhərlərdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətə başlaması dəyərlərimizə dəyər verməkdir. Bundan başqa, Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərinin, Gəncədəki İmamzadə dini-tarixi kompleksinin, Şamaxıda Cümə məscidinin əsaslı şəkildə bərpası dini-mənəvi dəyərlərimizə verilən qiymətdir. Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etmək, Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin xatirəsini əbədiləşdirmək gənc nəslin milli ruhda tərbiyə olunmasında mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, dilimizin, milli təfəkkürümüzün nə qədər önəmli rol oynadığını təsdiq edir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşünün nəticəsi onu deməyə əsas verir ki, hər bir məmur özünə aid sahədə insanlarla, vətəndaşlarla tez-tez görüşsə, onların problemləri ilə məşğul olsa, görün nə qədər uğurlar və irəliləyişlər əldə etmiş olarıq. Bunu dövlətimizin başçısının görüşdə ona verilən təkliflərin həyata keçirilməsinə yaratdığı imkanlar bir daha təsdiq edir. Məsələn, Şabran rayonunda Müasir Yaradıcılıq Mərkəzinin yaradılmasına start verilməsi, Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində heykəlinin ucaldılması, Cəlil Məmmədquluzadənin abidəsinin qoyulması, Rus Dram Teatrının akademik teatra çevrilməsi, Süleyman Ələsgərovun adının əbədiləşməsi ilə bağlı təkliflər Prezidentimiz tərəfindən dəstəkləndi. Bu görüş mövcud problemlərin hər birinin həll olunmasına geniş imkanlar yaratmaqla yanaşı, həm də fədakarlıq, xalqa, dövlətə, vətəndaşlara bağlılıq və qayğıdır”, - deyə B.Xəlilov bildirib.