İSLAMABADDA PAKİSTAN-AZƏRBAYCAN DOSTLUQ ASSOSİASİYASI YARADILMIŞDIR
Aprelin 7-də ölkəmizin İslamabaddakı səfirliyində Pakistan-Azərbaycan Dostluq Assosiasiyasının (PADA) təsis edilməsi ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbirdə Pakistanın tanınmış ictimai, siyasi, elm, mədəniyyət xadimləri və iş adamları iştirak etmişlər.
Respublikamızın İslamabaddakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda çıxış edən səfir Eynulla Mədətli Pakistan-Mərkəzi Asiya Ölkələri, Pakistan-Rumıniya, Pakistan Avropa İttifaqı, Pakistan-Afrika və Pakistan-Çin dostluq cəmiyyətlərinin fəaliyyət göstərdiyini nəzərə carpdırmış, Pakistan-Azərbaycan Dostluq Assosiasiyasının yaradılmasını mühüm hadisə adlandırmış, PADA-nın təsisçilərinə minnətdarlığını bildirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Səfir daha sonra bildirmişdir ki, Dostluq Assosiasiyasına Pakistanın keçmiş Prezidenti, Milli Assambleyanın üzvü, tanınmış dövlət xadimi cənab Faruk Əhməd Xan Leqari hamilik edəcəkdir. Cənab F.Leqari, eyni zamanda, səmimi salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevə yetirməyi xahiş etmişdir.
PADA-nın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verən Assosiasiyanın Prezidenti Xalid Mahmud əmin olduğunu bildirmişdir ki, Pakistan-Azərbaycan əlaqələri bundan sonra da dinamik surətdə inkişaf edəcək və iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq daha da genişləndiriləcəkdir. O, Pakistanın digər bölgələrində xüsusilə, Lahorda, Kəraçidə, Peşavərdə, Kvetada Dostluq Assosiasiyasının filiallarının açılmasının nəzərdə tutulduğunu vurğulamışdır. Xalid Mahmud əvvəllər Çində, İraqda, İranda və Səudiyyə Ərəbistanında Pakistanın səfiri olmuşdur.
Təsis yığıncağında PADA-nın 10 nəfərdən ibarət icraçı komitəsi seçilmişdir. Təşkilatın rəsmi qeydiyyatı ilə əlaqədar lazımi sənədlər hazırlanmış, Pakistan Xarici İşlər Nazirliyinə müvafiq qaydada məlumat verilmişdir.
Pakistan-Azərbaycan Dostluq Assosiasiyası bu il aprelin sonunda ilk təntənəli tədbir keçirməyi planlaşdırır. Həmin tədbir ölkəmizin səfirliyinin İslamabadda bu günlərdə urdu dilində nəşr etdirdiyi “Heydər Əliyev və Azərbaycan” kitabının təqdimatına həsr ediləcəkdir.