İSLAMABADDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dəyirmi masada İslamabad Siyasi Araşdırmalar İnstitutunun əməkdaşları, Pakistanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, səfirliyin işçiləri və respublikamızın Xarici İşlər Nazirliyinin Pakistanda diplomatik kursda olan əməkdaşları iştirak etmişlər.
Faciə qurbanlarının xatirəsi yad edildikdən sonra səfir Eynulla Mədəti Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar müraciətini iştirakçıların diqqətinə çatdırmışdır. Dəyirmi masada Azərbaycan diplomatları və ölkəmizin Xarici İşlər Nazirliyinin əməkdaşları erməni terrorizmi, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə çıxış edərək görüş iştirakçılarına ətraflı məlumatlar vermişlər.
Azərbaycan diplomatları dəyirmi masa iştirakçılarının müxtəlif səpkili suallarını cavablandırmış, Azərbaycan-Ermənistan münaqişəsi, milli mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması, Xocalı qaçqınlarının beynəlxalq təşkilatlara müraciəti barədə danışmışlar. Görüşün iştirakçılarına səfirlik tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi, Xocalı soyqırımı və sairə haqqında materiallar, videofilm təqdim edilmişdir. Fevralın 25-26-da Pakistanın nüfuzlu “Pakistan Observer”, “The Nation” və “The Frontier Post” qəzetlərində Xocalı soyqırımına və Dağlıq Qarabağ münaqişəsinə dair materiallar dərc edilmişdir.