İsmayıllıda vaksinasiya ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib
İsmayıllı, 7 fevral, AZƏRTAC
İsmayillida vaksinasiyanın növbəti mərhələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra başçısı tərəfindən yaradılan komissiyanın işçi qrupunun iclasında vaksinasiyanın növbəti mərhələsi ilə əlaqədar təşkilati işlər geniş müzakirə edilib. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən mobil qrupların vətəndaşların ünvanına gedişi, lazımi təbliğat-təşviqat işlərinin davam etdirməsi zəruridir. Bu qruplar COVID-19 infeksiyası əleyhinə könüllü peyvənd olunacaq şəxslərə randevu.its.gov.az internet saytı vasitəsilə qeydiyyatdan keçməkdə yardım edəcək, bununla əlaqədar konkret tarixin müəyyənləşdirilməsinə kömək göstərəcəklər. Bu sahədə, habelə çətinlik çəkən vətəndaşlara kömək məqsədilə icra hakimiyyətinin şəhər icra nümayəndəliyində qaynar xətt də yaradılıb.
İclasda qeyd edilib ki, fevralın 8-dən rayon mərkəzi xəstəxanasında 65 yaşdan yuxarı şəxslər üçün vaksinasiyaya start veriləcək.