İSPAN-İNGİLİS KLUBLARI UEFA KUBOKU TURNİRİNİN FİNALLARINDA QARŞILAŞACAQLAR
AZƏRTAC xəbər verir ki, ispan və ingilis klubları bu turnirin finalında indiyədək cəmi 3 dəfə görüşmüşlər. Bu oyunların 2-si turnirin ilk illərinə təsadüf etmişdir. Xatırladaq ki, bu turnir 1958-1971-ci illərdə Yarmarkalar kuboku adlanırdı (yarışlarda beynəlxalq yarmarkaların keçirildiyi şəhərlərin yığma komandası və ya klubu da iştirak edirdi), həm də 1998-ci ilədək final iki görüşdən ibarət idi.
1958-ci ildə keçirilmiş ilk turnirin qalibi, Çempionlar liqası yarışlarının builki finalçısı “Barselona” olmuşdur. İspanlar finalda, iki oyunun nəticəsinə görə, Londonun yığma komandasını məğlub etmişlər - 2:2, 6:0. Birillik fasilədən sonra keçirilmiş ikinci turnirin finalında “Barselona” yenə də ingilislərə - bu dəfə “Birminhem” klubuna qalib gəlmişdir- 0:0, 4:1.
Nəhayət, bu ölkələrin klubları üçüncü dəfə 2001-ci ilin finalında görüşmüşdür. Bu oyun futbol azarkeşlərinin yaddaşında həmişəlik həkk olan qarşılaşmalardan biridir. Görüşdə məşhur “Liverpul” klubu “Alaves”i yalnız oyunun əsas vaxtına əlavə edilmiş 30 dəqiqədə, “qızıl top”un hesabına məğlub edə bilmişdi-5:4 (yəni, hesab 4:4 olarkən, ingilislər həlledici topu vurandan sonra görüş dayandırılmışdır).
Beləliklə, UEFA kuboku turnirinin finallarında keçirilmiş görüşlərin ümumi yekunu hələlik ispanların xeyrinədir-2:1.