İDMAN
İspaniya idmançıları: Azərbaycanda atletlər üçün yaradılan şəraitdən çox razıyıq
![İspaniya idmançıları: Azərbaycanda atletlər üçün yaradılan şəraitdən çox razıyıq](/files/2015/2/1200x630/1434607176402062932_1200x630.jpg)
Bakı, 18 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
Birinci Avropa Oyunlarında İspaniyanı təmsil edən kamandan oxatanlar Miguel Garsia Alvarino, Antonio Fernandez və İqnasio Cuan Rodriguez AZƏRTAC-a müsahibələrində Azərbaycanda bütün atletlər üçün hər cür şəraitin yaradıldığını bildirib, çox razı qaldıqlarını qeyd ediblər. Onlar Bakıda özlərini tam rahat hiss etdiklərini, olduqca səmimi münasibət gördüklərini deyiblər.
Miguel Garsia Alvarino Azərbaycan paytaxtında qədimliklə müasirliyin vəhdətinin onu heyran etdiyini diqqətə çatdırıb. O, bir çox idman tədbirlərində iştirak etdiyini, lakin Bakıdakı kimi möhtəşəm açılış mərasiminin şahidi olmadığını vurğulayıb.
Antonio Fernandez diqqəti Oyunların yüksək səviyyədə təşkil edilməsinə cəlb edib. O deyib: “Yarışların bu cür yüksək səviyyədə keçirilməsi onu deməyə əsas verir ki, hazırlıq üçün çox böyük işlər görülüb. Avropa Oyunları Olimpiya Oyunları standartlarına uyğun təşkil edilib. Buna görə də bu Oyunları Olimpiya Oyunlarına hazırlıq kimi dəyərləndirmək olar”.
İqnasio Cuan Rodriguez isə Bakıda olduğu bu bir neçə gün ərzində onda zəngin təəssüratların yarandığını deyib. O, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayıb. İspaniyalı idmançı əlavə edib ki, Azərbaycan xalqının qonaqpərvərliyini isə xüsusi qeyd etmək lazımdır. Ümid edirəm ki, bu gözəl şəhərə yenidən gələcəyəm.