İspaniyanın 7 şəhəri Avropa İttifaqının 100 “yaşıl” şəhəri siyahısına daxil edilib
Madrid, 3 may, AZƏRTAC
Avropa Komissiyası artıq iqlim dəyişikliyi ilə mübarizə üçün çoxsaylı tədbirlər görüb. Şəhərlərdə təmiz enerjidən istifadənin genişləndirilməsi bu istiqamətdə ən səmərəli vasitələrdən biridir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində əhalinin 75 faizi şəhərlərdə yaşayır və onlar dünya enerjisinin 65 faizindən çoxunu (CO₂ emissiyalarının təxminən 70 faizi) istehlak edirlər.
Avropa Komissiyası Şəhərlərin Missiyası Proqrammı çərçivəsində iqlim neytrallığını dəstəkləmək üçün 100 şəhərin adını açıqlayıb. İspaniyanın 25 namizəd şəhərindən 7-si - Barselona, Madrid, Sevilya, Valensiya, Valyadolid, Vitoriya və Saraqosa bu siyahıya daxil edilib.
İndi hər bir şəhər konkret və etibarlı rəqəmlər və transformasiya layihələri ilə “iqlim müqaviləsi” təqdim etməli olacaq. Bunlar məhəllələrin və evlərin kütləvi bərpası, evlərdə günəş panellərinin quraşdırılması üçün dövlət-özəl fondlar, enerji icmalarının və yaşıl infrastrukturun inkişafı, sıfır emissiyalı turizm modelləri, dairəvi iqtisadiyyatın təşviqidir.
Təxmin edilir ki, hər bir şəhərə adambaşına 10-30 min avro sərmayə lazımdır və bu vəsait birbaşa “Horizon Europe” elmi-tədqiqat təşəbbüsü fondundan, eləcə də özəl davamlı investisiya fondlarından və vətəndaşların özlərindən toplanacaq. Ümumilikdə Şəhərlərin Missiyası Proqramına 2022-2023-cü illər üçün 360 milyon avro ayrılacaq.
Məqsəd şəhərlərin iqlim neytrallığına keçidini sürətləndirməkdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid