İstanbulda aztəminatlı soydaşlarımızın övladları məktəbli dəsti ilə təmin olunublar
Bakı, 5 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması münasibətilə İstanbul şəhərində yaşayan aztəminatlı soydaşlarımızın 300 övladına məktəbli dəsti təqdim edilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə baş tutan mərasimdə Türkiyə ictimaiyyətinin nümayəndələri, həmçinin valideynlər, uşaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məktəbliləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Komitə sədrinin müavini, eyni zamanda, soydaşlarımızı Azərbaycan həqiqətləri, xüsusilə də Qarabağ kimi həssas mövzularla bağlı övladlarını daim məlumatlandırmağa, onları yüksək vətənpərvərlik ruhunda yetişdirməyə dəvət edib.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF İdarə heyətinin sədri Ədalət Turan və sədr müavini Pərviz Məmmədzadə bu təbriklərə qoşulublar, şagirdlərə həyatlarında bol-bol uğurlar və nailiyyətlər arzulayıblar.
Valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür ediblər.