İsveçrədə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası çərçivəsində Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi dərin hüznlə yad edilmişdir.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, diplomatik nümayəndəliyimizin dəstəyi ilə keçirilmiş tədbirin məqsədi Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
İsveçrədə yaşayan azərbaycanlılar həmvətənlərinə qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirtdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətə beynəlxalq miqyasda müvafiq siyasi-hüquqi qiymətin verilməsi üçün bir araya gəlmişlər.
Tədbirdə “Xocalı soyqırımı, 25-26 fevral 1992-ci il” sözləri yazılmış qara rəngli 613 şar havaya buraxılmış, Bernin sakinlərinə soyqırımını izah edən vərəqələr paylanılmış, böyük qara şamlar yandırılmış və güllər düzülmüşdür. Tədbir iştirakçıları “Xocalıya ədalət” sözləri yazılmış köynəklər geyinərək, bu soyqırımının nəticəsində qətlə yetirilmiş 63 uşağın rəsmlərini üzərilərindən asmışlar.
Xocalı soyqırımını işıqlandıran jurnalistlərin faciə haqqında materialları nümayiş etdirilmiş, soyqırımı barəsində dərc edilmiş broşür və kitablar sərgilənmişdir.
Tədbirdə, həmçinin Xocalı soyqırımının İsveçrə Parlamenti tərəfindən tanınmasına nail olmaq məqsədi ilə müvafiq müraciət üçün imzalar toplanılmışdır.