İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə İsveçrədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi fevralın 21-də İsveçrə Parlamentinin “Siyasi Forum” Mərkəzində tədbir keçirmişdir.
İsveçrənin müxtəlif qurumlarının nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Azərbaycan və Türkiyə diasporalarının nümayəndələri, İsveçrədə təhsil alan tələbələr, jurnalistlər və ölkə ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi
tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir Xocalı soyqırımına həsr olunmuş fotosərgi ilə başlanmışdır. Tədbirin iştirakçılarına “Xocalı: məhv edilmiş şəhər” diski, “Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)” kitabı və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ barədə həqiqətlər” silsiləsindən olan kitabçalar (ingilis, fransız və alman dillərində) təqdim olunmuşdur.
Daha sonra, “Xocalı: məhv edilmiş şəhər” sənədli filmi alman dilində nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətləri barədə məlumat vermişdir.
Bundan sonra, tədbir iştirakçılarına “Justice for Khojaly” adlı video klip nümayiş etdirilmiş və üzərində “Justice for Khojaly” yazılı köynəklər hədiyyə edilmişdir. Tədbir böyük maraqla qarşılanmış və interaktiv dialoq formatında keçmişdir.
Tədbirdə Azərbaycan Respublikasının İsveçrədəki səfiri Murad Nəcəfbəyli çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış vəziyyət, o cümlədən Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün mövcud təhlükələr barədə məlumat vermişdir.