İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqalə dərc edilib
Bern, 21 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının bu ölkənin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib. Məqalə Stefan Müllerin sözügedən qəzetdə dərc edilmiş “Mübahisəli Dağlıq Qarabağ: Qafqazın düyünü” adlı qərəzli məqaləsinə cavab olaraq yazılıb.
Məqalədə səfir Əkrəm Zeynallı 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca yaşayış məntəqələri və mülki əhalini ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə mülki əhali arasında ölənlərin olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində cavab tədbirləri gördüyünü bildirib.
Səfir qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni yerləşməsi hazırkı təhlükəli vəziyyətin əsas səbəbidir və regional sülh və sabitliyi təhlükə altına qoyur. Müxtəlif təxribatlar və vəziyyəti gərginləşdirməklə, habelə işğal olunmuş ərazilərdə hərbi mövcudluğu artırmaqla, ərazilərin demoqrafik və mədəni xüsusiyyətlərini dəyişmək cəhdləri ilə, eləcə də burada qeyri-qanuni iqtisadi fəaliyyətlə Ermənistanın açıq-aşkar şəkildə Azərbaycan ərazilərini ilhaq etmək niyyəti güddüyü vurğulanıb.
Səfir mövcud status-kvonun yolverilməzliyi və kövrəkliyi faktını ATƏT-in Minsk qrupunun da təsdiq etdiyini bildirib. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədən irəli gələn tələbləri, həmçinin digər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vurduğunu diqqətə çatdırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern