İTALİYA İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
E.Kərimov Prezident İlham Əliyevin İtaliya Nazirlər Kabinetinin sədri Romano Prodiyə təbriklərini və salamlarını çatdırmışdır.
Səfir E.Kərimov 1997-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin İtaliyaya səfəri çərçivəsində Romano Prodi ilə keçirdiyi görüşü, həmçinin R.Prodinin Avropa Komissiyasının sədri kimi 2004-cü ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşlərini xatırlatmışdır.
Təbriklərə görə təşəkkürünü bildirən S.Sannino Azərbaycan Prezidentinin salamlarını R.Prodiyə çatdıracağını söyləmişdir. R.Prodinin 2004-cü ildə Azərbaycana səfərini yaxşı xatırladığını bildirən S.Sannino, həmin səfər zamanı nümayəndə heyətinin tərkibində Bakıda keçirdikləri görüşlərdən məmnun qaldığını qeyd etmişdir.
Ölkələrimız arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışan E.Kərimov, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük imkanları diqqətə çarpdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il İtaliyaya rəsmi səfərinin ölkələrimiz arasındakı əlaqələrdə yeni mərhələ açdığını söyləyən E.Kərimov, səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər, habelə İtaliya-Azərbaycan biznes forumunun uğurları barədə ətraflı məlumat vermişdir.
Səfir E.Kərimov İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşı olduğunu, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatına iri məbləğdə sərmayələr qoyduğunu söyləmiş, kənd təsərrüfatı, kimya, turizm, yüngül sənaye sahələrində əməkdaşlıq üçün imkanları qeyd etmişdir.
Bu günlərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verildiyini xatırladan E.Kərimov, bir sıra İtaliya şirkətlərinin qısa müddətdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə qazın Avropa bazarlarına nəqlinə maraq göstərdiklərini diqqətə çarpdırmışdır.
Azərbaycan rəhbərliyinin İtaliyanın yeni hökuməti ilə əməkdaşlığı davam etdirməyə əhəmiyyət verdiyini diqqətə çatdıran E.Kərimov, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, xüsusilə də İtaliya Nazirlər Kabinetinin sədri Romano Prodinin Azərbaycana səfərinin təşkilinin əhəmiyyətli olduğunu bildirmişdir.
S.Sannino ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətindən, xüsusilə də enerji sektorunda əməkdaşlıqdan məmnun olduğunu söyləmişdir. İri enerji layihələrini həyata keçirməklə Azərbaycanın qısa müddətdə böyük nailiyyətlər əldə etdiyini və regionun lider dövlətinə çevriləcəyini bildirən italiyalı diplomat, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. O, İtaliya Nazirlər Kabinetinin sədri R.Prodinin Azərbaycanın Avropaya inteqrasiyasına önəm verdiyini, bu istiqamətdə region ölkələrinin Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”nə qoşulmasını dəstəklədiyini bildirmişdir.
S.Sannino İtaliyanın yeni hökumətinin siyasi və iqtisadi baxımdan Azərbaycanın regionda vacib rolunu əsas tutaraq, rəsmi Bakı ilə əlaqələrin ikitərəfli əsasda inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamış, hazırda R.Prodinin xarici siyasət üzrə fəaliyyət proqramının hazırlanması ilə bağlı məsləhətləşmələrin aparıldığını diqqətə çatdırmış, Azərbaycana da səfərin mümkünlüyünün nəzərdən keçiriləcəyini söyləmişdir.
Səfir E.Kərimov ölkəmizdə demokratik dəyərlərin, iqtisadi yüksəliş və sosial rifahın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çarpdırmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığa və təhlükəsizliyə böyük təhdid olduğunu bəyan etmişdir.
Azərbaycan diplomatı ölkəmizin mövqeyini dəstəklədiyinə görə İtaliya tərəfinə təşəkkür etmişdir.
Münaqişənin indiyədək həll edilməməsindən təəssüfləndiyini bildirən S.Sannino, ölkəsinin hər zaman bu problemin sülh yolu ilə həllinə dəstək göstərməyə hazır olduğunu söyləmişdir.