DÜNYA
İtaliya və Macarıstan Baş nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyini vurğulayıblar
Roma, 4 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Romada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.
Bildirilib ki, Baş nazirlər ölkələrin ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirmək öhdəliyini bir daha təsdiqləyiblər. İki lider sərfəli ticarət əlaqələrindən, xüsusilə infrastruktur və enerji sektorlarında investisiyaların və ticarətin daha da gücləndirilməsindən məmnun olduqlarını bildiriblər. Görüşdə, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizənin vacibliyi bir daha vurğulanıb.
Ciorcia Meloni Viktor Orbanı Macarıstanın Avropa Şurasına sədrliyinə uğuru, xüsusilə Rəqabət Qabiliyyəti üzrə Budapeşt Bəyannaməsinin qəbulu, habelə danışıqların birinci fəslinin açılması münasibətilə təbrik edib. Eyni zamanda, Şengen zonasının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Hökumət başçıları əmin olduqlarını bildiriblər ki, onlar siyasi dialoqu gücləndirməkdə və əsas beynəlxalq məsələlər üzrə qarşılıqlı koordinasiyada davam edəcəklər. Bundan başqa, Yaxın Şərqdəki vəziyyət, BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında Ukraynada ədalətli və davamlı sülhə dəstək və 2025-ci ilin iyulunda İtaliyanın ev sahibliyi edəcəyi Ukraynanın bərpası üzrə konfrans ərəfəsində yenidənqurmaya sadiqlik müzakirə edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma