İDMAN
İtaliya yığmasının baş məşqçisi: Azərbaycanın voleybol komandası güclü rəqibdir
Bakı, 13 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Bir il əvvəl İtaliyada keçirilmiş Voleybol üzrə dünya çempionatında komandalarımız üzləşmişdi. Burada əmin oldum ki, Azərbaycan voleybol komandası güclü rəqibdir. Düşünürəm ki, ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında Azərbaycan yığması yaxşı oyun göstərəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya qadın voleybol yığmasının baş məşqçisi Fabio Soli deyib.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayan Fabio Soli “Bakı-2015”də Olimpiya Oyunlarında şahid olduğu şəraitin yaradıldığını söyləyib.
Bu gün İtaliya-Belçika komandaları arasında keçirilən görüş haqqında fikirlərini bölüşən baş məşqçi deyib ki, bu oyun İtaliya komandası üçün çox vacib idi. Çünki komanda hər oyuna xüsusi hazırlaşır və yalnız qələbə gözləyir. “Bakı-2015” çərçivəsində qadınlar arasında keçirilən voleybol üzrə ilk oyunda qalib gəlmək komandamızı gələcək qələbələrə daha da ümidləndirir.