İTALİYADA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD EDİLMİŞDİR
Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edən səfir Emil Kərimov soydaşlarımızın təşkilatlanmasının, onların müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsinin indiki və gələcək nəsillərimiz qarşısında mühüm vəzifələrdən olduğunu demişdir. O, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün bayram kimi qeyd olunmasının məhz bu amala xidmət etdiyini bildirmişdir.
Xaricdə yaşayan soydaşlarımızın həmişə ölkə rəhbərliyinin diqqətində olduğunu qeyd edən diplomat, onlarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılması və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunması barədə qərarlar qəbul edildiyini diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı oradakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdüyünü və onların qayğıları ilə maraqlandığını, ölkə rəhbərliyinin bu ənənəni davam etdirdiyini söyləyən səfir, ölkəmizin İtaliyada yeni fəaliyyətə başlamış səfirliyinin də vəzifələrindən birinin məhz burada yaşayan həmvətənlərimizin problemlərinin aradan qaldırılmasına yardım göstərmək, dövlətimizin maraqları naminə onların səylərini birləşdirmək olduğunu demişdir.
Azərbaycanda səfir kimi fəaliyyətini karyerasının ən parlaq səhifələri kimi səciyyələndirən xanım Marqarita Kosta Azərbaycanın zəngin mədəniyyətə, xalqımızın gözəl insani keyfiyyətlərə və daxili zənginliyə malik olduğunu bildirmişdir. Böyük iqtisadi potensiala malik olan respublikamızın sürətlə inkişaf etdiyini diqqətə çarpdıran xanım M.Kosta bunu ölkə rəhbərliyinin səyləri ilə əlaqələndirmişdir. Prezident İlham Əliyevin davam etdirdiyi siyasi və iqtisadi kursun Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirəcəyini qeyd edən xanım M.Kosta Azərbaycanın etibarlı və inamlı əllərdə olduğunu vurğulamışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirən M.Kosta onun ünvanına da xoş və səmimi sözlər söyləmişdir.
Tədbirdə Azərbaycan haqqında film nümayiş etdirilmiş və milli müsiqimizdən nümunələr səsləndirilmişdir.