“İTOÇU” ŞİRKƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Tokioda, onun üçün ayrılmış iqamətgahda “İtoçu” şirkətinin sədri Uçihiro Nivanı qəbul etmişdir.
Azərbaycan Prezidentini Yaponiyada görməkdən şərəf duyduğunu bildirən “İtoçu” şirkətinin sədri dövlətimizin başçısının səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini vurğuladı, eyni zamanda, 1998-ci ildə onunla Naqano Qış Olimpiya Oyunları zamanı olan görüşünü xatırlatdı. Uçihiro Niva bildirdi ki, Prezident Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya tarixi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rolu olmuşdur. Yaponiya biznesi Azərbaycanla əlaqələr qurmağa xüsusi əhəmiyyət verir.
Xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev Naqano Olimpiadasından əvvəl də, 1996-cı ildə Yaponiyada olduğunu xatırlatdı. Dövlətimizin başçısı Azərbaycanda yapon şirkətlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını və bunun ölkələrimizin arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirdi.