İyulun birinci ongünlüyündə havanın temperaturu normadan yüksək olub
Bakı, 11 iyul, AZƏRTAC
İyul ayının ötən ongünlüyündə ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4,5° yüksək olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, havanın maksimal temperaturu bəzi günlərdə Bakıda və Abşeron yarımadasında 38°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 38-40°-dək yüksəlib: “İyul ayının ötən günlərində havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq, çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən, iyul ayında ən isti hava 2018-ci il iyulun 1-də qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44,5°, bölgələrdə isə 44°-dək isti olub”.
N.Mahmudovun sözlərinə görə, iyul ayının ötən on günü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, xüsusilə dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
“İyul ayının ötən müddəti ərzində bölgələrdə 8 gün küləyin sürəti 15 metr/saniyədən çox olub. Küləyin maksimal sürəti isə arabir saniyədə 23 metrədək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.
Yaxın günlərdə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur”, - deyə xidmət rəisi bildirib.