İzmirin Dokuz Eylül Universitetində Xocalı Soyqırımına həsr edilmiş konfrans keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Türkiyədə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İzmirin Dokuz Eylül Universitetində keçirilmiş “Xocalı qətliamı və qondarma erməni soyqırımı” adlı konfransda çıxış etmişdir.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğunun təşəbbüsü ilə keçirilən konfransdan əvvəl Xocalı soyqırımı ilə bağlı sərgi və Heydər Əliyev Fondunun faciə ilə bağlı hazırladığı film nümayiş olunmuşdur.
Milli Məclisin deputatı Q.Paşayeva Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmiş və günahkarların ədalət qarşısında cavab vermələrinin vacibliyini vurğulamışdır.
Azərbaycanlı deputat hər kəsi fevralın 26-da “Hamımız Xocalıdanıq, Hamımız Qarabağlıyıq” adı altında İstanbulun Taksim meydanında keçiriləcək mitinqdə iştirak etməyə çağırmışdır.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müavini Cavanşir Vəliyev tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat vermiş və bu faciənin dünya ölkələrini diqqətinə çatdırılmasının vacibliyini qeyd etmişdir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılmışdır.