Jitomirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun regional nümayəndəliyinin açılışı olmuşdur
Kiyev, 23 iyun (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, iyunun 18-də Jitomirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) regional nümayəndəliyinin ofisinin təntənəli açılışı olmuşdur. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Jitomir vilayətinin qubernatoru Sidor Kizin, UABD-nin sədri Hikmət Cavadov iştirak etmişlər.
Tədbirdən bir neçə gün sonra Jitomirdə bu hadisə münasibətilə bayram konserti olmuşdur.
Konsertdən əvvəl rəsmi hissəni Jitomir merinin birinci müavini Sergey Suxomlin açmışdır. O, Jitomir vilayətinin, bütövlükdə Ukraynanın mədəni həyatına verdiyi töhfəyə görə Azərbaycan diasporuna minnətdarlığını bildirmiş, UABD-nin regional nümayəndəliyinə uğurlar arzulamışdır.
Sonra UABD-nin regional nümayəndəliyinin başçısı Rac Qasımov çıxış edərək, Jitomirdə yaşayan həmvətənlərin problemləri ilə fəal və səmərəli məşğul olmağı vəd etmiş, Azərbaycan dilində bazar günü məktəbinin açılması barədə məlumat vermiş, Ukraynaya sülh və əmin-amanlıq arzulamışdır.
Sonra Azərbaycan və Ukrayna artistlərinin iştirakı ilə bayram konserti olmuşdur.
Konsertin bədii rəhbəri Ukraynanın Xalq Artisti Qurban Abbasov olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev