KAİNATIN YARANMASININ SİRLƏRİ AÇILACAQMI?
Uzun illərdən bəri bütünlüklə əlil arabasının “əsiri” olan alim Honkonq Elm və Texnologiyalar Universitetində mühazirə oxumuşdur. O, öz geniş məruzəsini assistent qıza bədəninin hərəkətdə olan yeganə bir hissəsinin – bir barmağının köməyi ilə “diktə etmişdir”.
Hokinqin fikrincə, müasir kosmologiya iri addımlarla irəliləyir və sürəti getdikcə daha da artırır. O, mühazirə zamanı belə bir fikir də söyləmişdir ki, tezliklə bəşəriyyət həyat üçün Yer kürəsi əvəzinə, yeni ev axtarmalı olacaqdır. Çünki planeti o qədər qəfil təhlükələr hədələyir ki, onun məhvi son dərəcə gözlənilməz ola bilər. Yer üzündə həyat qəfil qlobal istiləşmələr, nüvə müharibəsi, genetik cəhətdən modifikasiya olunmuş virus və haqqında hələ heç nə bilmədiyimiz digər təhlükələr kimi fəlakətlər nəticəsində dağılmaq qorxusu qarşısındadır.
Hokinq problemin həllini Günəş sistemindəki digər planetləri tezliklə mənimsəməkdə görür. Onun fikrincə, insanlar 20 ildən sonra Ayda daimi bazaya və sonrakı 40 ildə isə Marsda məskənə malik ola bilərlər. Onlar hətta yaxın 100 ildə özlərini məhv etməsələr də, kosmik məskənlər yaratmalıdırlar. Özü də, bütün bunlar Yer kürəsindən dəstək və yardım almadan mövcud ola bilər.
STİVEN HOKİNQ HAQQINDA
1942-ci ildə, Qalileo Qalileyin ölümünün 300 illiyi günündə doğulub. 1959-cu ildə Oksford Universitetinə daxil olub, kosmologiyanı öyrənmək üçün 1962-ci ildə Kembric Universitetinə keçib.
Erkən yaşlarında həkimlər ona dəhşətli diaqnoz qoymuşlar – amiotrofik yan sklerozu. 30 yaşına yaxın əlil arabasının əsiri olur. Sonralar həkimlər onun traxeyasını kəsməli olurlar və o, səsini tamamilə itirir. Stiven ünsiyyət üçün xüsusi kompyuterdən istifadə edir. Kompyuterin displeyində görünən sözlərdən ona lazım olanlarını sağ əlinin barmaqları ilə seçir. Sözlərdən cümlə əmələ gəlir. Sonra bu cümlələri alimin göstərişi ilə kompyuter sintezatoru nitq kimi səsləndirir.
Hokinq çox məşhur alimdir, onun pərəstişkarlarından biri də sabiq ABŞ Prezidenti Bill Klintondur. 1979-cu ildən Kembric Universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasına başçılıq edir. Yeri gəlmişkən, vaxtilə bu kafedranın müdiri İsaak Nyuton olmuşdur.
Alimin 1988-ci ildə çapdan çıxan “Zamanın qısa tarixi” kitabı ona dünya şöhrəti qazandırmışdır. Kitab Kainatın yaranması və inkişafı nəzəriyyəsini oxucuya, müəllifin özünün təsəvvür etdiyi, sadə bir dildə izah edir. Bu zaman riyazi düsturlardan və mürəkkəb hesablamalardan qətiyyən istifadə olunmur. O, qara çuxurlar haqqında bir çox elmi işlər yazmışdır.
Stiven Hokinq kosmologiya, nisbilik nəzəriyyəsi, qravitasiya və kvant mexanikası, Kainatın tarixi sahəsində tədqiqatları ilə məşhurdur. Alimin 12 fəxri adı var. O, Britaniya Kral Elmi Cəmiyyətinin və ABŞ Elmlər Akademiyasının üzvüdür, elmi xidmətlərinə görə bir çox mükafat, orden və medallarla təltif olunmuşdur.