Kamal Abdulla: İsrailli həmkarlarımızla yeni layihələr həyata keçirməyi planlaşdırırıq
Bakı, 31 avqust, Elmir Səftərov, AZƏRTAC
"Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq elmi konfrans Azərbaycan elminin inkişafı və beynəlxalq əlaqələri baxımından çox mühüm idi. İsrailin 3 universitetindən konfransa yəhudi alimləri gəlmişdi. Onlar İsrail dövlətinin, yəhudi xalqının mədəniyyətini, tarixini, qədim izlərini Azərbaycanda araşdırırlar. Bu, eyni zamanda, bizim xalqımızın da qədim tarixini yaxından incələmək deməkdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla söyləyib.
"İsraildən Azərbaycana gələn heyət arasında alimlər, mədəniyyətşünaslar, dilçilər, ədəbiyyatçılar, tarixçilər var. Onlarla ünsiyyət bizim universitetimizin müəllimləri, mütəxəssisləri üçün çox maraqlı və faydalı oldu. Düşünürəm ki, bu əlaqələr davamlı olacaq. Biz israilli həmkarlarımızla yeni layihələr həyata keçirməyi planlaşdırırıq", - deyə K.Abdulla bildirib.
Akademik diqqətə çatdırıb ki, ADU-da 20-dən çox dil tədris olunur: "Eyni zamanda, universitetdə bəzi ölkələrə aid mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Məsələn, bizdə Koreya Mədəniyyət Mərkəzi, Yaponiya Araşdırmalar Mərkəzi, Frankafoniya Universiteti Mərkəzi, Bakı Amerika Mərkəzi, Alman Akademik Mübadilə Xidməti, Serb dili və Mədəniyyəti Mərkəzi və digər ölkələrin dil və mədəniyyət mərkəzləri var. Biz ADU-da olan xarici dövlətlərin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətinə dəstək oluruq. Eyni zamanda, universitetimizdə dil və mədəniyyət mərkəzi olan ölkələrə də orada Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin açılmasını təklif edirik. Sevindirici haldır ki, bu təklifimizə bu günə qədər bir sıra universitetlər müsbət cavab verib. Hazırda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Çinin Xudzou şəhərinin dövlət universitetində, Serbiyanın Belqrad Universitetində açılıb. Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində də Azərbaycan Multikulturalizm Mərkəzi fəaliyyət göstərir".
O əlavə edib ki, yaxın zamanlarda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının planlaşdırıldığı ölkələr də var: “Biz İsrailin Bar-İlan Universitetinə təklif etmişik ki, orada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılsın. Çünki ölkəmizdə İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzi artıq neçə illərdir ki, fəaliyyətdədir”.