İDMAN
Kamal Məmmədov: Xalqımızı “Paris-2024” Yay Paralimpiya Oyunlarında da yeni qələbələrimizlə sevindirəcəyik
Bakı, 7 sentyabr, AZƏRTAC
Milli Paralimpiya komandamızın “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında parlaq zəfəri bütün Azərbaycan xalqının uğurudur. Qəhrəman Azərbaycan əsgəri kimi, idmançılarımız da öz iradəsini, gücünü bütün dünyaya göstərdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.
Bu uğurun paralimpiyaçılarımızı qarşıdakı yarışlarda daha böyük qələbələrə ruhlandırdığını vurğulayan baş katib bildirib: “Düzdür, Tokio Paralimpiadasında nəticələrimiz bundan da yaxşı ola bilərdi. Qarşıda bizi “Paris-2024” Yay Paralimpiya Oyunları gözləyir. Xalqımızı Paris Paralimpiadasında da yeni qələbələrimizlə sevindirəcəyik”.
Xatırladaq ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb. Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamed Heydari qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.