REGİONLAR
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
Zaqatala, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Zaqatalada təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə aprelin 5-dən etibarən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə, xəstə və ahıl insanlara rayonda fəaliyyət göstərən “Çörək və qənnadı məmulatları” müəssisəsində istehsal olunan çörək məmulatlarının pulsuz paylanılmasına başlanılıb. Sosial aksiya növbəti günlərdə də davam etdiriləcək.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Aprelin 5-də Zaqatala şəhərinin küçə və səkilərində, yaşayış məhəllələrində, park və meydanlarda, satış mərkəzlərində növbəti dəfə təmizlik və dezinfeksiya işləri aparılıb.