Kənd məktəbindəki yanğınla bağlı rəsmi açıqlama: Tədris prosesi fasiləsiz davam etdirilir –YENİLƏNİB VİDEO
Ucar, 19 fevral, R.Türkoğlu, AZƏRTAC
Gecə saatlarında Ucar rayonu, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbinin otaqlarından birində yanğın hadisəsi baş verib. Məktəbin gözətçisi tərəfindən dərhal ilkin tədbirlər görülərək yanğının qarşısının alınması istiqamətində müdaxilə edilib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb və digər otaqlara yayılmasının qarşısı alınıb.
Dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Təlim-tədris prosesi fasiləsiz şəkildə davam etdirilir.
06:31
Ucarda məktəb binasında yanğın qeydə alınıb. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.