REGİONLAR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BÖLGƏLƏRDƏ MÜŞAVİRƏLƏR KEÇİRMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sahə ilə bağlı nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi gedişi ilə tanış olmaq, qarşıya çıxan problemləri aradan qaldırmaqda kənd əməkçilərinə əməli kömək göstərməkdir.
İlk müşavirə Kürdəmir Aqrar Elm Mərkəzində olmuşdur. Müşavirədə Kürdəmir ərazi kənd təsərrüfatı idarəsinin rəhbərliyi, fermerlər, sahibkarlar, alimlər, mütəxəssislər iştirak etmişlər. İrşad Əliyev və respublika Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev Dövlət Proqramının aqrar sahə əməkçilərinin üzərinə qoyduğu vacib vəzifələri xatırlatmış, problemlərlə maraqlanmışlar. Müşavirə iştirakçıları taxıl və pambıq sahələrini gəzmiş, İsraildən gətirilmiş, həmçinin Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda yetişdirilmiş sortların rayonlaşdırılması vəziyyəti ilə tanış olmuşlar.
İrşad Əliyev fermerlərin və sahibkarların qaldırdığı problemlərin həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə göstəriş vermişdir.
Xanlar rayonunda keçirilən müşavirənin iştirakçiları üzümçü alim Famil Şərifovun plantasiyasını gəzmiş, onun yetişdirdiyi yeni üzüm sortları, bu sortların becərilməsi zamanı tətbiq etdiyi intensiv üsul barədə məlumatını dinləmişlər. Bildirilmişdir ki, bu üsulla becərilən üzüm tingləri artıq iki ildən sonra bar verməyə başlayır.
İrşad Əliyev milli üzüm sortlarının genofondunun qorunub saxlanması və artırılması işində alimin əməyini yüksək qiymətləndirmişdir.
İrşad Əliyev həmçinin Xanlarda Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda Türkiyədən gətirilmiş Avasi cinsli 25 baş südlük qoyunun saxlanılması şəraiti, Samuxda dövlət toxumçuluq təsərrüfatında aparılan işlər, Gəncə Aqrar Elm Mərkəzində Rusiyadan gətirilmiş yeni çuğundur sortları ilə bağlı elmi tədqiqatlarla tanış olmuşdur.
Müşavirələrin nəticələri nazirliyin kollegiyasında geniş müzarkirə ediləcəkdir.