“Kəngərli” firmasına məxsus bazarda yoxlama keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr ərazisi, M.Şərifli küçəsində fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bazar daxilində müvafiq təmizlik işlərinin aparılmadığı, antisanitar vəziyyətin mövcud olduğu, satışa çıxarılan balıqların bir hissəsinin soyuducuda saxlanılmadığı aşkarlanıb.
Bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı obyektinin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Obyektdə dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan ümumi çəkisi 30 kiloqram hind quşu və hissələri aşkar edilib.
Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub, unlu qənnadı məmulatların emalı sahəsində nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, baytarlıq ekspertiza sənədləri olmayan məhsullar dövriyyədən çıxarılıb.